Blogger from Animal Farm

Heyvanıstan yoxsa Azərbaycan?

Posted by: Emil Baghirov on: July 25, 2011

Gecə saat 02:07 də bitirdim Corc Oruell`in Heyvanıstan (Animal Farm) povestini. Kitabın adı çox çəkici gəlmişdi almağı düşünürdüm dostum Eltan hədiyyə etdi :)

Vilayət Quliyevin tərcümə etdiyi kitab 144 səhifədir. Qanun nəşriyyatında çap edilib, qiyməti 4 manat. Oxuduqca heyrətlənməmək mümkün deyil. 1943-44 cü illərdə yazılsada bugünü, mövcud Azərbaycan cəmiyyətini əks etdirir. Pink Floyd öz “Animals” albomunu bu əsərdən təsirlənərək yazıb.

Hindistanda doğumlu ingilis yazıçının əsl adı Eric Arthur Blair`dir. Dünyada daha çox 1984 romanı ilə tanınır. Xatırladım ki, bu kitab da bu yaxınlarda azərbaycan dilində nəşr edilib.

Orijinal adı “Animal Farm” olan əsərin Azərbaycan dilinə hərfi tərcüməsi “Heyvan ferması” kimi səslənir. Vilayət Quliyev isə kitabın “Heyvanıstan” adlandırılmasını belə izah edir: “Üsyana qalxan heyvanlar alleqorik şəkildə də olsa, öz dövlətlərini qururlar. Hətta bir müddət sonra ferma respublika elan olunur, Napoleon isə yekdilliklə onun ilk prezidenti seçilir. Başqa sözlə desək, heyvanların insanın nəzarəti altında yaşadıqları ferma onların müstəqil idarə etdikləri dövlətə çevrilir. Burada isə artıq “Heyvan ferması” yox, “Heyvanıstan” adı daha yerinə düşür”.

Kitabın mövzusuna gəlincə fermadakı heyvanlar müxtəlif sosial qruplardan olan insanları simvolizə edir. İnsanı devirdikdən sonra “Bütün heyvanlar bərabərdir!” şüarı ilə yola çıxan heyvanlar sonra öz xeyirləri və üstün olma özəntiləri nəticəsində “Bütün heyvanlar bərabərdirlər lakin bəzi heyvanlar başqalarından daha çox bərabərdirlər!” şüarını dilə gətirirlər. Bu isə sonun başlanğıcı olur. Bəşəriyyət mövcud olandan heç vaxt bərabər yaşaya bilməyən insanların nə vaxtsa da buna nail ola bilməyəcəklərini göstərir yazıçı. Eyni fikirdəyəm Oruellə çünki bərabər yaşamaq üçün gərək sözün həqiqi mənasında insan olasan. Çox sevdiyim Konfutsinin kamil insanı..

Əsər Mister Consa məxsus olan “Malikanə” fermasının sakinlərinin ən qocamanı – donuz Qoca Mayorun bütün heyvanların iştirak etdiyi bir toplantı keçirməsi ilə başlayır. Qoca Mayor heyvanların düşdükləri rəzil vəziyyətdən danışır. Doğulandan gücləri tükənənə qədər işlədiklərini, əvəzində insanların onlara yalnız ölməmək üçün yem verdiyini (halbuki bunlar onların öz məhsulu, zəhməti idi) vurğulayır. Bu miskin həyat sonda sallaqxanada bitir. Bunun isə bir səbəbkarı var – İnsan! Bizim yeganə düşmənimiz İnsandır!

Animalizm nəzəriyəsini mənimsəyən heyvanlar Qoca Mayorun ölümündən bir müddət sonra üsyan edib Consu malikənədən qovur. İdarəetmə heyvanların öz əlinə keçir. Bunu əqli cəhətdən daha çox inkişaf etmiş donuzlar yerinə yetirir. Bunlardan Snouboll və Napoleon daha çox fərqlənir. Heyvanlar yazma-oxuma öyrənir. Onların bərabər olduqlarını əks etdirən Yeddi Prinsip hazırlanır və divara yazılır.

  • İki ayağı üstə gəzən hər bir canlı düşməndir.
  • Dörd ayağı üstə gəzən, yaxud uçan hər bir canlı dostdur.
  • Heyvanlar paltar geyinmirlər.
  • Heyvanlar yorğan-döşəkdə yatmırlar.
  • Heyvanlar spirtli içkilər içmirlər.
  • Bir heyvan başqa heyvanı öldürə bilməz.
  • Bütün heyvanların hüquqları bərabərdir.

Corc Oruell (Geore Orwell)

Bu Yeddi Prinsiplə heyvanlar ilk dövrlərdə çox gözəl yaşayır. Lakin sonradan donuzlar tərəfindən bu prinsiplər pozulmağa başlayır. Donuz Snoubollun qovulmasından sonra Napoleon prezident seçilir. Və o, köhnə sistemdən daha iyrənc bir rejim yaradır. Prinsiplərin hamısı dəyişdirilir. Əvvəllər İnsan tərəfindən istismar edilən heyvanlar indi isə bir qrup donuz tərəfindən istismar edilir. Yəni görünüş dəyişsədə mahiyyətcə Cons dövrünə qayıdırıq.

Corc Oruell əsərdə keçmiş SSRİ-ni təsvir edib. Çarı devirdikdən sonra yeni yaranan SSRİ necə bəşəri dəyərlərə iddia etdiyi hər kəsə məlumdur..

Əsər avtoritar rejimlərin xalqı necə əsarətdə saxlamasının təməl prinsiplərini göstərir. 

  1. Keçmişlə qorxutma: Hər dəfə Napoleonun (avtoritarizmin) xeyrinə bir qərar verilərkən heyvanlar buna etiraz edərsə Çığırğan onları Consun geri qayıda biləcəyi ilə qorxudurdu. Heyvanlar isə məcburən susurdu.
  2. Keçmişlə müqayisə etmə: Heyvanlar heyvanlar əksinə indi daha çox işlədikləri, ac olduqları haqqında şikayətlənərkən Çığırğan Consun dövrü ilə müqayisə edir. Onda daha çox işlədikləri, az yedikləri haqda çoxlu statistik rəqəmlər deyirdi. Heyvanlar isə buna inanırdı. Bizdə də bir şey olan kimi 92-93 illərlə müqayisə edirlər.
  3. Xarici düşmən obrazının yaradılması: Qonşu Picnfild və Foksvud fermaları Heyvanıstanın ümummilli düşmənləri idi. Bizdə də taa ağlımız kəsəndən dörd tərəfimizin düşmən olduğu söhbətləri şprislə beynimizə yeridilir. SSRİ dövründə bu düşmən abstrakt qərb idi.
  4. Əvəzolunmaz Lider fiqurunun formalaşdırılması: Heyvanıstanı Napoleonun azadlığa çıxardığına, əgər o olmasa dövlətin dağılacağı, insanların fermanı yenidən işğal edəcəyinə bütün heyvanlar səmimi qəlbdən inanırdılar.
  5. Boş havadan, eyforiyadan ibarət dəyərlər toplusu: Heyvanlar əvvəl İnsan indi isə heyvan olan Napoleon tərəfindən istismar edilir. Amma onlar həmişə Çığırğanın da diqtəsi ilə əvvəllər insan üçün çalışsalar da indi özləri üçün çalışdıqlarını düşünürdülər.

Kitabı oxuyarkən Yeddi Prinsipin “heyvan bərabərliyinin” donuzlar tərəfindən necə çeynənildiyi heyvanların isə buna niyə heç cür etiraz edə bilməməsi sizə aydın olacaq. Həqiqətən oxunmalı əsərdir. Oxuyarkən fantaziyanızı sonuna qədər açıq buraxın. Onda Heyvanıstanın elə Azərbaycan olduğunu görə biləcəksiz.

Altından xətt çəkdiyim cümlələr

  • İnsan yeganə məxluqdur ki, heç nə istehsal etmədən hər şeyə sahib çıxır. O, süd  vermir, yumurtlamır, kotana qoşulmaq üçün çox zəif, dovşanı qovub tutmaq üçün çox astagəldir. Amma bununla belə bütün heyvanları üzərində hökmrandır.
  • O (insan) zavallı heyvanları qabağında qul kimi işlədir , onlara yalnız acından ölməmələri üçün yem verir.
  • İnanıram ki, hər bir heyvan yoldaş Napoleonun öz üzərinə əlavə məsuliyyət götürməklə nə qədər böyük fədakarlıq etdiyini layiqincə qiymətləndirməyi bacaracaq.
  • Bir yanlış addım kifayətdir ki, düşmənlər yenidən üstümüzə ayaq açsınlar. İnanıram ki, yoldaşlar, siz heç biriniz Consun geri qayıtmasını istəmirsiz!
  • Əgər fikirlərini məharətlə sözə çevirə bilsəydi, yəqin uzun illər bundan əvvəl insan nəslinin hakimiyyətini devirmək üçün mübarizəyə başlayanda qarşılarına qoyduqları məqsədin belə olmadığını deyərdi.
  • Kitabın ilk üz qapağı ( şəkil wikipedia`dan götürülüb )

    Əvəzində isə səbəbini anlamadığı halda elə bir şəraitə gəlib düşmüşdülər ki, heç kəs fikirləşdiyini dilinə gətirə bilmirdi.

  • Başqa bir yenilik isə yaylım atəşi ilə bağlı idi. Artıq ənənəvi ildönümləri ilə yanaşı Napoleonun ad günündə də atəşfəşanlıq keçirilirdi.
  • Hər bir uğur, taleyin hər bir töhfəsi üçün Napoleona minnətdar olmaq adət halını almışdı. Məsələn, bir toyuq başqa bir toyuğa deyirdi: “Böyük Rəhbərimiz yoldaş Napoleonun qayğısı sayəsində beş gündə altı yumurta yumurtlamışam”. Yaxud göldən su içməyə gələn bir inəyin başqa inəyə dediyi bu sözləri eşitmək olurdu: “Yoldaş Napoleonun rəhbərliyi altında sularımız necə dadlı olub!”
  • Amma şübhə yoxdur ki, əvvəllər bundan da pis olub. Həm də əvvəllər heyvanlar kölə vəziyyətində idilər, indi isə azaddırlar. “Fərq də elə bundadır!” – deyə Çığırğan hər dəfə vurğulayırdı.
  • Elə bu vaxtlar öz-özünə yeni bir qayda da meydana çıxdı: yolda-cığırda donuzlarla digər heyvanlar rastlaşanda ikincilər kənara çəkilib donuza yol verməli idilər.
  • … Lakin bütün bu məhrumiyyətlərin donuzlara, deyəsən, heç bir dəxli yox idi. Onlar günü-gündən daha da kökəlirdilər.
  • Nümayişçi dəstələr sıraya düzüləndə, mahnılar səslənəndə, Çığırğan rəqəmləri elan edəndə, tüfəngdən yaylım atəşi açılanda, bayraqlar havada dalğalananda və xoruz ucadan banlayanda onlar qarınlarının çoxdan bəri boş olduğunu unudurdular.
  • Çığırğanın yorulmadan təkrarladığı kimi, donuzların üzərinə fermadakı işlərin təşkili və nəzarətin həyata keçirilməsi  kimi çox ağır vəzifə düşürdü. Səviyyələri çatmadığından heyvanların çoxunun bu işlər haqqında sadəcə təsəvvürləri yoxdu.
  • İndi həyatlarını keçmişlə müqayisə etmək üçün əllərində Çığırğanın rəqəmlərindən başqa ayrı məlumat yox idi. Çığırğan isə hər dəfə çoxsaylı rəqəmlərin köməyi ilə vəziyyətin günbəgün yaxşılaşdığını sübuta yetirirdi.
  • Bütün heyvanlar bərabərdilər, lakin bəzi heyvanlar başqalarından daha çox bərabərdirlər!

3 Responses to "Heyvanıstan yoxsa Azərbaycan?"

Bu əsərə iki ayrı mövqedən yanaşmaq olar:
1. Bugünkü günü təsəvvür edə bilən alleqorik əsər.
2. ABŞ-ın öz dövründə SSRİ-yə qarşı insanlarda formalaşdırdığı kütləvi manipulasiya metodu. Gəl, ilk öncə birinciyə nəzər salaq.
Bəli, məhz yuxarıda da qeyd etdiyim kimi hazırki zamanda əksər ölkələrin idarə sistemi məhz bu cürdür, təkcə Azərbaycanda yox. Daha ətraflı özün çox gözəl sadalamısan. Mənim əsas toxunmaq istədiyim ikinci bənddir. ABŞ öz dövründə SSRİ-yə qarşı saysız-hesabsız provokasiya yolları tapırdı. Bunlara inanan və ya satılmış yazıçılar da kifayət qədər idi. Bərabərlik üçün SSRİ ən azından nələrsə etməyə çalışırdı ABŞ-dan fərqli olaraq, çünki ABŞ-da elə yaranışının ilk günündən quldarlığın müasir forması mövcud idi. İndiysə bu vəziyyətə də iki mövqedən baxaq: Birincisi, SSRİ-nin daxilindən xəbərin olmaya-olmaya onun haqqında nəsə yazan xarici bir yazar. İkincisi isə, ABŞ-ın öz daxilində olaraq onun haqqında əsərlər yazan yazar. Məsələn, Cek London (“Dəmir daban”). Hansı reallığa daha uyğundur? Düzdür, Stalin anti-inqilabçı olduğu üçün SSRİ-nin əsas prinsiplərinə çox xələl gətirdi, lakin onun tarixdə etdikləri az da olmadı. Elə bircə II Dünya Müharibəsi buna misaldır. SSRİ olmasaydı ABŞ da faşizm qarşısında tamamilə məhv olacaqdı (baxmayaraq ki, indi orada faşizmin daha leqal formaları var). Demək istədiyim çox fikirlər var, sadəcə, başlıq kimi hərəsindən bir az da mən yazdım ki, əsəri oxuyacaq olan şəxslər bu barədə də düşünsünlər.
P.S: Sitatları əla seçmisən, ən əsas da məni güldürən “Başqa bir yenilik isə yaylım atəşi ilə bağlı idi. Artıq ənənəvi ildönümləri ilə yanaşı Napoleonun ad günündə də atəşfəşanlıq keçirilirdi” cümləsi oldu. Güllərlə dolu bayramlar, bəhh…)

Cek Londonun Dəmir Dabanı`nı oxumamışam. Tapıb oxuyacam.

Mütləq, və mütləq oxu, hərfbəhərf, sözbəsöz həzm edəcəksən əsəri…

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

twitter yaxşıdır ətrafı pisdir

Arxiv

 

July 2011
M T W T F S S
« Jun   Aug »
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Izləyicilər

free counters

Email ünvanınızı daxil edib, qoşulun. Yeni yazılar birbaşa elektron poçtunuza gəlsin.

Join 2,306 other followers

Statistika komitəsi

  • 87,761 hits
Online Kişi Sayacı
Follow

Get every new post delivered to your Inbox.

Join 2,306 other followers