Gəncədən Göygölə taksi adamın birini əlli qəpiyə aparır. Yəni dörd nəfər oturursan iki manat. Dörd nəfər oturub gedirik. Sürücünün təxminən 55-60 yaşı olar, hava isti olsa da pencək geyinib.
Gəncədən çıxan kimi yolun sağ tərəfində hündür ucsuz bucaqsız rəngli hasar görünür. Üstündə tikanlı tellər quraşdırılıb. Deyilənə görə prezidentin iqamətgahıdır. Ətrafı hündür divarlarla hasarlanıb deyə, ancaq villaların damı və hündür palma ağacları görünür. Taksi sürücüsü iqamətgahı göstərib: “xalqın pulunu yeyib özünə villalar tikir, hər rayonda bir iqamətgahı var, Göygölün özünü də zəbt ediblər, heç kimi buraxmırlar gölə. Postda əli silahlı əsgərlər durur. Orda da bir villası var. Biri də Xoşbulaqda ( Daşkəsən rayonunda kənd ) var. 60 hektardır (?) bunun sahəsi. İldə bir gün də gəlib qalmır. Bura verilən pula iş yeri açardılar avara qalmış cavanlar gedib işləyərdi.”
Biraz gedirik yolun hər iki tərəfində üzümlüklər var. Dayı: “bax bu üzümlüklər elə bilirsiz camaatındır? Camaatın filan deyil, 2-3 nəfərindir bunların hamısı.”
Göygöl yazılan yeri keçən kimi Heydər Əliyevin böyük bir şəkili bizə əl sallayır. Nəhayət gəlib çatırıq şəhərə. Heydər Əliyev prospektində düşürük. Göygöl şəhəri kiçik şəhər və təmiz şəhərdir. Havası da çox gözəldir. Burada qabağında Heydər Əliyevin böyük heykəli olan İcra Hakimiyyətinin binasını çıxmaq şərti ilə hündürmərtəbəli bina yoxdur. Şəhərin mərkəzindəki evlər köhnə alman evləridir. Göygöl şəhərini 1819-cu ildə Qafqaza köçən almanlar salıb. Koloniya Helenendorf adlanırmış.
Biraz gəzdikdən sonra mərkəzdəki Heydər Əliyev parkına gəlirik. Üzbəüzdə Heydər Əliyev Universiteti və Heydər Əliyev Mərkəzi yerləşir. Parkda Heydər Əliyevin büstünün arxasındakı çayxanada oturub çay içir, domino oynayırıq. Göygölün suyu yaxşı olduğu üçün çay da çox dadlı olur.
Çayxanada təxminən bir saat oturub qalxırıq, bir dostumuz gəlməlidir. Vaxt öldürmək üçün Heydər Əliyev Mərkəzinə giririk. İçəridə ancaq fotoşəkillərdir. Başda da Heydər Əliyevin qızılı rəngdə büstü qoyulub, yuxarı tərəfdə isə aforizmi yazılıb: “Azadlıq və İstiqlaliyyət hər bir xalqın milli sərvətidir.”
Günorta namazının vaxtıdır. Dostumuz Samirin namaz qılması üçün məscidə gedirik. Möhtərəm prezidentimiz İlham Əliyevin təşəbüsü ilə 2005-ci ildə tikilmiş Heydər məscidi.
Uzaqda təpənin başında Heydər Əliyev müzeyi kimi fəaliyyət göstərən yaraşıqlı bina görünür, amma uşaqlar deyir heç kimi buraxmırlar ora.
Məsciddən çıxandan sonra yemək yemək və istirahət etmək üçün Topalhəsənli kəndinə gedirik.. Yaxşı, hiss edirəm ki, yorulduz artıq. Daha burdan sonrasını danışmayacam..
Yorulmayanlar üçün sinifdənxaric oxu: Rayonlardan qeydlərim
Xaçmaz Azərbaycanın ən gözəl guşələrindən biridir. Buranın təbiəti də gözəldir, insanları da fədakardırlar. Heydər Əliyev
Qusar Azərbaycanın dilbər guşələrindəndir. Heydər Əliyev
Qusar Azərbaycanın ən gözəl guşələrindən biridir. İlham Əliyev
Qusarlılar Azərbaycan ordusunda xidmət edir, qəhrəmanlıq nümunələri göstərirlər. Heydər Əliyev
Quba Azərbaycanın qədim, gözəl bir diyarıdır. Heydər Əliyev
Mingəçevir şəhərində həyata keçirilən layihələr Heydər Əliyevin əsərləridir. İlham Əliyev (FOTO)
Zordur da. Artıq camaata əsl heydərizm təriqəti yeridirlər. Xaçmaz rayonunda bunun əsasını qoyublar, kiçik məbədlərdə xüsusi rituallar filan da keçirtmək olar.
Yeri gəlmişkən, görəsən, lap prezident olduğun halda belə, kənardan durub sənin üçün yaradılan bu qədər şeylərə baxsan, azca da olsa, insan özündən utanmazmı?!
necə olsa da ürəyim istədi rayonumuzu
nə də olsa bizim rayonumuzdu, ətini yesək də sümüyünü atmarıq zad 🙂