Heykəllə ədəbiyyat təbliğ etmək

Mədəniyyət və Turizm Nazirliyi Heydər Əliyev Fondunun dəstəyi ilə İtaliyanın paytaxtı Romada Nizami Gəncəvinin heykəlini ucaldacaq. Nazirliyin məlumatına görə İtaliyanın paytaxtında Nizami Gəncəvinin heykəlinin ucaldılması Azərbaycan-İtaliya siyasi və mədəni əməkdaşlığının inkişafına veriləcək növbəti töhfə olmaqla bərabər, dünya ədəbi-bədii və fəlsəfi fikir xəzinəsinə əvəzsiz töhfələr vermiş dahi Azərbaycan şairi və mütəfəkkirinin xatirəsinə göstərilən hörmət rəmzinə çevriləcəkdir.

Etibarsız mənbələrdən əldə etdiyim məlumata görə, nazirliyin növbəti hədəfi Afrikanın Saxara səhrasında Füzulinin buzdan heykəlini ucaltmaqdır. Deyilənə görə, bu yerli Afrika tayfaları ilə Azərbaycan xalqı arasında siyasi və mədəni əməkdaşlığın inkişafına öz müsbət təsirini göstərəcək. Yerli Afrika tayfaları isə bunun əvəzində Bakıda Heydər Əliyevin heykəlini ucaltmaq fikrindədirlər.  Niyə məhz Heydər Əliyev sualıma cavab olaraq bildirdilər ki, həm onların belə güclü yazıçı, şairləri yoxdur, həm də Heydər Əliyev Afrika ədəbi-bədii və fəlsəfi fikir xəzinəsinə də əvəzsiz töhfələr vermişdir.

Ötən il də Meksikanın Akapulko şəhərində Nizaminin heykəlinin təməlqoyma mərasimi keçirilmişdi. Hələ iş davam edir. Məqsəd bütün dünyada heykəl qoymaqla ədəbiyyat təbliğ etməkdir. Bu Azərbaycanın bütün şəhər, rayonlarında Heydər Əliyevin heykəlini qoymaqla ümummilli liderin siyasi irsini təbliğ etməyə bənzəyir. Azərbaycanı heykəllərdən iyrəndiriblər, indi də düşüblər digər xalqların canına.

Bu yaxınlarda mətbuatda oxudum ki, Almaniyada dəfn edilən Əbdürrəhman Fətəlibəyli-Düdənginski`nin qəbri ləğv edilə bilər. Düdənginski Azadlıq Radiosunun 1953-cü ildə yaradılan Azərbaycan xidmətinin ilk direktoru olub. Ömrünün sonuna qədər sovet totalitarizminə qarşı mübarizə aparıb. Azərbaycanın müstəqilliyi üçün çalışıb. 1954-cü ildə sovet casusu tərəfindən qətlə yetirilib. Noy-Ulm şəhərində dəfn edilib. Almaniyada kimsə dəfn ediləndə onun yaxınları ilə qəbiristanlıq idarəsi arasında müəyyən müddətə müqavilə bağlanır, pul ödənilir. Həmin müqavilə bu yaxınlarda başa çatacaq. Müqavilənin daha 20 il uzadılması üçün 3025 avro pul lazımdır, amma Azərbaycan hökümətindən səs-səmir çıxmır. Niyə heç bir lüzum olmadığı halda Nizamiyə Romanın məşhur “Villa Borghese” parkında heykəl qoyulur, ancaq Düdənginski üçün pul tapılmır? Niyəsi bəllidir, ikicə səbəb açıqlayım sizə:

1) Düdənginski ömrünün sonuna qədər totalitarizmlə mübarizə aparıb.
2) Düdənginski azad sözün carçısı idi.

 
Bakıda da Puşkinin heykəli var. Guya o heykəli görənlər həmin dəqiqə gedib kitabxanadan Puşkinin kitablarını alıb gözlərinə təpirlər?

Cavab qoy